Çinin Hunan əyalətində yerləşən Vanqu bölgəsində müasir tarixdə ən böyük qızıl yataqlarından biri aşkar edilib. Alimlərin hesablamalarına görə, bu yataqda 1000 tondan çox qızıl ehtiyatı var ki, onun dəyəri 600 milyard yuana – təxminən 78 milyard avroya bərabərdir.
"Bizimxeber" bildirir ki, kəşf müasir texnologiyalar, xüsusilə də 3D geoloji modelləşdirmə və qabaqcıl kəşfiyyat üsullarının köməyi ilə mümkün olub. Qeyd olunur ki, bu texnologiyalar geoloqlara yeraltı strukturları dəqiq təhlil etməyə və qazma işlərini daha dəqiq istiqamətləndirməyə imkan verib.
Vanqu yatağı 3 kilometrə qədər dərinliyə uzanan 40-dan çox fərdi qızıl damarından ibarətdir. İlkin kəşfiyyat işləri zamanı artıq 300 tona yaxın qızıl ehtiyatı müəyyənləşdirilib. Daha dərin qatlarda aparılan qazmalar isə ehtiyatların daha da böyük olduğunu göstərir.
Ən diqqətçəkən məqamlardan biri isə filizin keyfiyyətidir. Belə ki, metrik ton başına 138 qramadək qızıl ehtiva edən filiz nadir hallarda rast gəlinir və bu da yatağın minerallaşma səviyyəsinin yüksəkliyini göstərir. Hunan Geoloji Bürosunun eksperti Çen Rulin bildirir ki, "bir çox qazılmış nümunələrdə gözlə görünən qızıl müşahidə edilib".
Hazırda yatağın əsas hissəsinin ətrafında aparılan əlavə qazma işləri yeni damarların da mövcud olduğunu ortaya qoyur. Hunan Geoloji Bürosunun direktor müavini Liu Yongjun-un sözlərinə görə, "kəşfiyyat davam etdikcə yatağın sərhədləri daha da genişlənəcək".
Bununla yanaşı, yerli hakimiyyət orqanları ekoloji risklərə qarşı ehtiyatlı yanaşma nümayiş etdirir. Geotexniki fəaliyyətin ətraf mühitə mənfi təsir göstərməməsi üçün bütün işlər ciddi normativ nəzarət altında həyata keçirilir.