Çin xarici alıcılar üçün İHA qiymətlərini ikiqat artırıb

Hərbi məqsədlər üçün istifadə edilən pilotsuz uçuş aparatlarının (PUA) komponentlərinin qiymətləri son illərdə iki dəfə artıb.

"Bizimxeber" Financial Times -a istinadən xəbər verir ki, bu yalnız Ukrayna və Yaxın Şərqdə artan hərbi münaqişələrdən irəli gəlmir, həm də Çin və ABŞ arasındakı ticarət gərginliyi səbəbindəndir. 

May ayında Şenzhen şəhərində keçirilən dron sərgisində avadanlıq alıcıları qiymət artımlarından şikayətləniblər. Onlar qeyd edirlər ki, demək olar ki, alternativ tədarük mənbələri yoxdur, çünki Çin dünyada kommersiya pilotsuz təyyarələrinin 70-80%-ni istehsal edir və əsas komponentlərin istehsalında dominantdır.

Pekin əvvəllər dron bazarını tənzimləyərək onların hərbi məqsədlər üçün ixracını məhdudlaşdırmağa çalışıb. Financial Times bildirir ki, ixracatçılar belə malları satmaq üçün xüsusi lisenziya almalı olurlar, bu da asan proses deyil. Ötən il Çin ABŞ-la artan ticarət müharibəsi fonunda ixrac nəzarətinə məruz qalan texnologiyaların siyahısını genişləndirib. Nəticədə istehsalçılar tez-tez ekspeditor xidmətlərinə müraciət etməli olur və bu da əlavə xərclər yaradır.