Rusiya Xarici İşlər Nazirinin müavini Andrey Rudenko Çin vətəndaşlarının Ukraynada döyüşməsi ilə bağlı yayılan məlumatların tamamilə yalan olduğunu bildirib.
TASS agentliyinə verdiyi müsahibədə Rudenko vurğulayıb ki, Çin hakimiyyəti Ukrayna münaqişəsi ilə bağlı balanslaşdırılmış və düşünülmüş mövqe tutur və Moskva bu mövqeyə görə Pekinə minnətdardır.
“Deyə bilərəm ki, bu məlumatlar – yəni çinlilərin Ukrayna müharibəsində iştirakı – yumşaq desək, tamamilə yalandır”, – deyə o, bildirib.
Rudenko əlavə edib ki, bu cür şayiələrin yayılmasında əsas rolu Ukrayna tərəfi oynayır. Bir gün əvvəl Çin Xarici İşlər Nazirliyi də məsələ ilə bağlı açıqlama yayaraq, Pekinin Ukrayna münaqişəsində iştirak etmək üçün hərbi personal göndərmədiyini və öz vətəndaşlarından belə əməliyyatlarda iştirak etməmələrini tələb etdiyini açıqlamışdı.
Mövzu ilə bağlı daha öncə The Guardian qəzetində dərc olunan xəbərdə Rusiyanın Çinli muzdluları münaqişəyə cəlb etdiyi bildirilmişdi. Qəzetin iddiasına görə, Rusiya tərəfində 150-dən çox Çin vətəndaşı döyüşür. Lakin bu məlumat sonradan həm Rusiya, həm də Çin tərəfləri tərəfindən təkzib edilib. Rusiya Müdafiə Nazirliyi isə məsələ ilə bağlı hər hansı açıqlama verməyib.