Çin və ABŞ arasında iqtisadi münasibətlərdə yeni gərginlik yaşanır. Pekin, Vaşinqtonun Çin mallarına tətbiq etdiyi 34 faizlik gömrük rüsumuna eyni miqdarda cavab verərək, ABŞ-dən idxal olunan məhsullara 34 faiz əlavə vergi qoyduğunu açıqlayıb.
Çinin Ticarət Nazirliyi bu addımı ABŞ-nin ticarət siyasətinə cavab olaraq qəbul edib. Qərar 10 aprel tarixindən qüvvəyə minəcək və Çin bazarında ABŞ mallarının qiymətinin yüksəlməsinə səbəb olacaq.
ABŞ Prezidenti Donald Tramp aprelin 3-də müxtəlif ölkələrdən idxal olunan məhsullara yeni tariflər tətbiq etməyə başladığını açıqlamışdı. Bu çərçivədə:
Çin üçün 34 faiz,
Tayvan üçün 23 faiz,
Avropa İttifaqı üçün 20 faiz,
Azərbaycanın da daxil olduğu bəzi ölkələr üçün isə 10 faiz tarif müəyyən olunub.
Bu qərar, Tramp administrasiyasının proteksionist iqtisadi siyasətinin bir hissəsidir və əsas məqsəd ABŞ daxili istehsalını qorumaqdır. Lakin bu addım qlobal ticarət münasibətlərində gərginliyi artırır.
ABŞ və Çin dünyanın ən böyük iki iqtisadi gücü olaraq uzun müddətdir ki, ticarət sahəsində fikir ayrılığı yaşayır. Xüsusilə, Tramp administrasiyası dövründə bu qarşıdurma daha da şiddətlənib. Çin tərəfi ABŞ-nin qərarına qarşılıq verməyə davam edəcəyini bildirir. /Bizimxeber LiveBLOG/