Çin çəkisi 50 kq-dan az olan insanlara xəbərdarlıq edib - "Küçəyə çıxmayın"

Çinin şimalında hava şəraiti son dərəcə təhlükəli hal alıb. FTV News telekanalının verdiyi məlumata görə, bölgədə baş verən qasırğalı küləklər və güclü yağışlar səbəbilə xüsusilə çəkisi 50 kiloqramdan az olan şəxslərə küçəyə çıxmamaq tövsiyə olunub. Bu xəbər sosial şəbəkələrdə və yerli mediada geniş rezonans doğurub.

Çin hakimiyyəti Monqolustandan ölkəyə daxil olan güclü fırtına ilə bağlı yüksək hazırlıq rejimi elan edib. Bu, son 10 il ərzində ilk dəfə olaraq Pekində narıncı səviyyəli tufan xəbərdarlığının verilməsi ilə nəticələnib. Qeyd edək ki, narıncı xəbərdarlıq Çində ikinci ən yüksək təhlükə səviyyəsi sayılır və insanların həyatına birbaşa təhdid olduğuna işarə edir.

Telekanalın məlumatına görə, bu xəbərdarlıqdan sonra bir çox çinli vətəndaş supermarketlərə axın edib. Nəticədə bəzi mağazaların ərzaq və gündəlik tələbat məhsulları olan rəfləri tamamilə boşalıb. İnsanlar, əvvəlcədən ehtiyat görərək, evdə qalmaya hazırlaşırlar.