Çin ABŞ-la davam edən ticarət münaqişəsi fonunda mühüm iqtisadi qərar verib.
Bloomberg agentliyinin etibarlı mənbələrə istinadən verdiyi məlumata görə, Çin hökuməti ölkənin aviaşirkətlərinə ABŞ istehsalı olan “Boeing” təyyarələri və onların ehtiyat hissələrinin idxalını dayandırmağı əmr edib.
Mənbələr bildirirlər ki, bu qərar ABŞ prezidenti Donald Trampın Çin mallarına qarşı tətbiq etdiyi 145%-lik gömrük rüsumlarına cavab olaraq qəbul olunub. Qeyd olunur ki, Pekin çox güman ki, əlavə xərclərlə üzləşəcək təyyarə icarəçilərinə dəstək verməyə hazırdır. Bununla yanaşı, qərar qüvvəyə minməzdən əvvəl sifarişi ödənilmiş və sənədləri rəsmiləşdirilmiş Boeing təyyarələrinin ölkəyə daxil olmasına icazə veriləcək.
Xatırladaq ki, ABŞ-ın maliyyə naziri Skott Bessent son çıxışında prezident Trampın Çinlə iqtisadi əlaqələri daha yüksək tariflərlə kəskinləşdirmək niyyətində olmadığını bildirmişdi. Lakin o, eyni zamanda Çinlə əməkdaşlığın sonunun mümkün olduğunu da vurğulamışdı.
Donald Tramp isə Truth Social platformasında Çin mallarına qarşı yeni tarif araşdırmaları başlatdığını açıqlayıb. Onun sözlərinə görə, elektronika və yarımkeçirici məhsulların bütün təchizat zənciri qiymətləndiriləcək və texnologiya sahəsinə tariflərin genişləndirilməsi istisna edilmir.