Çin ABŞ mallarına rüsumları 125 faiz artıracaq - İqtisadi savaş davam edir

Çin ABŞ-dan idxal olunan mallara 125%-lik yeni tariflər tətbiq etdiyini elan edib. Bu addım, ABŞ prezidenti Donald Trampın Çin məhsullarına rüsumları 145%-ə qədər artırmaq qərarına cavab olaraq atılıb və qlobal təchizat zəncirləri üçün ciddi risklər yaradan ticarət müharibəsini daha da qızışdırıb.

Yeni tarif qərarı, Ağ Evin Çinlə yanaşı onlarla digər ölkəyə tətbiq etdiyi “qarşılıqlı” rüsumların əksəriyyətini dayandırdığı, lakin Çinə qarşı təzyiqləri artırdığı bir dönəmdə verilib. 

Çin Maliyyə Nazirliyi məsələ ilə bağlı açıqlamasında bildirib: “ABŞ-ın Çinə qarşı qeyri-adi dərəcədə yüksək tariflər tətbiq etməsi beynəlxalq ticarət qaydalarını, əsas iqtisadi qanunları və sağlam düşüncəni ciddi şəkildə pozur. Bu addım birtərəfli zorakılıq və məcburiyyət aktıdır”.

Bununla yanaşı, Çinin Ümumdünya Ticarət Təşkilatındakı (ÜTT) missiyası da ABŞ-ın tarif qərarları ilə bağlı ticarət qurumuna yeni şikayət təqdim etdiyini açıqlayıb: “Aprelin 10-da Birləşmiş Ştatlar Çin məhsullarına tətbiq olunan tariflərin daha da artırılacağını elan edən icra qərarı verib. Çin isə ABŞ-ın son tarif tədbirlərinə qarşı ÜTT-yə rəsmi şikayət etib”, – deyə bəyanatda qeyd olunub.