Budapeşt küçələrini Zelenski posteri - Aİ sorğusu Macarıstanda...

Macarıstanın paytaxtı Budapeştin küçələrində  qeyri-adi bir mənzərə müşahidə olunur.

Ukrayna prezidenti Vladimir Zelenski, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və Avropa Xalq Partiyasının lideri Manfred Veberin əks olunduğu kampaniya plakatları şəhərin müxtəlif hissələrini bəzəyir.

Plakatların üzərində yazılan "Bizsiz qərarın verilməsinə icazə verməyəcəyik!" şüarı, Macarıstanda aparılan geniş ictimai sorğu kampaniyasına bir çağırışdır. Bu sorğu, Macar vətəndaşlarının Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyünə münasibətini öyrənmək məqsədi daşıyır.

Macarıstan hökuməti, bu sorğunu poçt vasitəsilə həyata keçirir və vətəndaşlardan "Ukraynanın Aİ-yə üzvlüyünü dəstəkləyirsinizmi?" sualına cavab verməyi xahiş edir. Rəsmi şəxslərin bildirdiyinə görə, bu üzvlük Avropa ölkələrinə, xüsusilə də Macarıstana əlavə maliyyə yükü gətirə bilər.

Bu səbəbdən hökumət, ictimai rəyin müəyyənləşdirilməsi üçün bu sorğunu zəruri sayır. İyunun 20-dək davam edəcək sorğunun nəticələri Brüsselə təqdim ediləcək. Qeyd edək ki, bu sorğu rəsmi referendum deyil və seçici fəallığı üçün minimum iştirak həddi tələb olunmur.