Bu ölkələr niyə enerjisiz qaldı? - Fövqəladə vəziyyət aradan qaldırılıb

İspaniyanın baş naziri Pedro Sançes ötən gün Pireney yarımadasını bürüyən genişmiqyaslı elektrik kəsintisindən sonra ölkədə enerji təchizatının demək olar ki, tam bərpa olunduğunu açıqlayıb.

Bizimxeber.org bildirir ki, baş nazir bu barədə "X" sosial platformasında paylaşım edib.

Sançes bildirib ki, enerji istehlakı 99.95%-i bərpa olunub və ötürücü şəbəkənin bütün yarımstansiyaları tam fəaliyyətə başlayıb. O, əlavə edib ki, vəziyyəti qiymətləndirmək üçün Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

İspaniyanın nüfuzlu “El Pais” nəşrinin məlumatına görə, elektrik bərpasına baxmayaraq, dəmir yolu nəqliyyatında hələ də fasilələr müşahidə olunur. Madriddə şəhərətrafı qatarlar yalnız 50% tutumla hərəkət edir, Kataloniyada isə elektrik təchizatının qeyri-sabitliyi səbəbilə qatarların fəaliyyəti dayandırılıb.

İspaniya Səhiyyə nazirliyi bildirib ki, Madridin xəstəxanalarında və təcili yardım otaqlarında heç bir insident qeydə alınmayıb. Hazırda ölkənin bütün xəstəxanaları elektriklə təmin olunub və əlavə kəsintilər üçün kifayət qədər dizel yanacağı ehtiyatı mövcuddur.

Milli hava nəqliyyatı operatoru Enaire çərşənbə axşamı bildirib ki, elektrik kəsintisindən təsirlənən üç hava hərəkətinə nəzarət mərkəzində əməliyyatlar tam şəkildə bərpa olunub. Bu, ölkənin hava nəqliyyatında sabitliyin bərpasına böyük töhfə verib.

Qeyd edək ki, bazar ertəsi yerli vaxtla saat 12:30 radələrində bütün Pireney yarımadası – İspaniya, Portuqaliya və Fransanın bəzi əraziləri gözlənilmədən elektrik enerjisiz qalıb. İspaniya hökuməti vəziyyətə dərhal reaksiya verərək fövqəladə vəziyyət elan edib.

Portuqaliya şəbəkə operatorunun açıqlamasına görə, hadisəyə “nadir atmosfer hadisəsi” səbəb olub. Avropa Şurasının prezidenti Antonio Kosta isə hadisənin arxasında “heç bir kiberhücum əlamətinin olmadığını” bildirib.