Bu halda Ukrayna daha 5 şəhərini itirəcək - Kreml psixoloji təzyiqləri artırır

Rusiya Ukrayna cəbhəsindəki lokal irəliləyişlərdən istifadə edərək, informasiya və psixoloji təzyiqləri artırmağa davam edir. Son günlərdə rəsmi Moskvanın ritorikasında daha açıq və sərt ifadələr müşahidə olunur.

“Bizimxeber” xəbər verir ki, Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov ölkəsinin mövqeyini sərtləşdirərək, Ukraynanın müəyyən şəhərlərsiz qalacağı ilə hədələyib. Onun sözlərinə görə, əgər Kiyev sülh danışıqlarına razılıq verməsə, nəticədə Ukrayna Sumı, Xarkov, Odessa, Zaporojye və Dnepr şəhərlərini itirəcək.

Kartapolovun bu açıqlaması, Kremlin uzun müddətdir səsləndirdiyi “yeganə şans” povestinin tərkib hissəsidir. Rusiya tərəfi, Ukraynanın danışıqlardan imtinasını öz təcavüzünə bəraət qazandırmaq üçün istifadə edir.

O, Rusiyanın nəzarətində olan informasiya kanallarına verdiyi şərhdə bildirib ki, Moskva ilə danışıqlara razılıq vermək, Kiyev üçün yeganə çıxış yoludur. Bu kimi bəyanatlar, ekspertlərin fikrincə, təkcə hərbi təzyiq deyil, həm də psixoloji manipulyasiya vasitəsidir.