Fransanın avtomobil sənayesinin nəhəngi “Renault” Ukraynada pilotsuz uçuş aparatlarının istehsalına başlaya bilər.
"Bizimxeber" bildirir ki, bu barədə “France Info” məlumat yayıb.
Fransa müdafiə naziri Sebastien Lecornu bir neçə gün əvvəl “böyük fransız avtomobil istehsalçısının” Ukraynada dron istehsalına hazırlaşdığını açıqlasa da, konkret şirkətin adını çəkməyib. İndi isə Fransız mediası həmin şirkətin məhz “Renault” ola biləcəyini iddia edib.
Məlumata görə, “Renault” layihədə müdafiə sənayesində ixtisaslaşmış kiçik və orta fransız şirkətlərlə əməkdaşlıq edə bilər. İstehsalat sahələri isə cəbhə xəttindən onlarla və ya yüzlərlə kilometr uzaqlıqda yerləşəcək.
Şirkət radiostansiyaya verdiyi açıqlamada Fransa hökumətindən təklif aldıqlarını təsdiqləsə də, hazırda hələlik heç bir yekun qərarın verilmədiyini bildirib.
Xatırladaq ki, iyunun 5-də Brüsseldə keçirilən görüşdə Ukrayna və Fransa müdafiə nazirləri birgə silah istehsalının perspektivlərini müzakirə ediblər. NATO-nun mənzil-qərargahında keçirilmiş 28-ci Ramşteyn formatlı toplantıda da Ukraynanın müdafiə sənayesinin gücləndirilməsi və tərəfdaş ölkələrlə birgə istehsal mexanizmlərinin yaradılması məsələsində razılıq əldə olunub.