Bu aviaşirkətlər Pakistana uçuşladı dayandırdı

Hindistan və Pakistan arasında artan gərginlik beynəlxalq hava nəqliyyatına da öz təsirini göstərir. Dünyanın aparıcı aviaşirkətləri olan Air France və Lufthansa, təhlükəsizlik səbəbilə Pakistan hava məkanından istifadəni dayandırdıqlarını açıqlayıblar.

Hər iki ölkə arasında nüvə silahına malik rəqib münasibətləri və son hadisələrdən sonra qarşılıqlı sanksiyalar artıb. Hindistan Pakistan hava yollarına öz hava məkanını bağlayıb, İslamabad isə Hindistana məxsus və ya onun tərəfindən idarə olunan uçuşlara qadağa qoyub, ticarəti dayandırıb və hind vətəndaşlarına xüsusi viza verilməsini dondurub.

Lufthansa Qrupu Reuters-ə verdiyi açıqlamada, "növbəti xəbərdarlığa qədər Pakistanın hava məkanından istifadə etmədiyini" bildirib. Bu qərar bəzi Asiya marşrutlarında uçuş müddətlərinin uzanmasına səbəb olacaq. Lufthansa-nın Frankfurt–Yeni Dehli reysi (LH760) artıq bazar günü alternativ marşrutla uçaraq təxminən bir saat əlavə vaxt sərf edib. Bu məlumatlar Flightradar24 uçuş izləmə platformasında da təsdiqlənib.

Eyni zamanda, Air France Hindistan və Pakistan arasındakı gərginliyin son vəziyyətinə istinad edərək, “Pakistan üzərindən uçuşların növbəti xəbərdarlığa qədər dayandırıldığını” elan edib. Daşıyıcı Dehli, Banqkok və Ho Chi Minh kimi istiqamətlər üzrə uçuş planlarını dəyişdiyini, nəticədə uçuş müddətlərinin uzandığını bildirib.

British Airways, Swiss International Air Lines və Emirates kimi digər daşıyıcıların bəzi uçuşlarının da Pakistan hava məkanından yayınmaq üçün alternativ olaraq Ərəb dənizi üzərindən şimala, Dehli istiqamətində döndüyü müşahidə olunub.