Britaniyanın Suriya planları - Hansı sanksiyalar götürüldü

Böyük Britaniya hökuməti Suriya ilə bağlı sanksiya siyasətində dəyişiklik edib.

Rəsmi Londonda yayımlanan məlumata əsasən, Suriyanın bir sıra dövlət qurumları və media orqanları sanksiyalar siyahısından çıxarılıb. Bu barədə məlumat Böyük Britaniya Maliyyə Nazirliyinin saytında yerləşdirilib. 

Sanksiyalardan çıxarılan qurumlar arasında Suriya Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, həmçinin ORTAS dövlət yayım şirkəti, Sama TV, Cham Press TV və Əl-Vətən qəzeti də yer alır.

“Aşağıdakı vəzifələr ümumi siyahıdan çıxarılıb və artıq aktivlərin dondurulması tədbirləri tətbiq edilmir”, – sənəddə qeyd olunub.

Bu qərar Suriyada baş verən son siyasi dəyişikliklər fonunda verilib. Xatırladaq ki, 2024-cü ilin dekabrında müxalif qüvvələr Dəməşqi sürətlə ələ keçirmiş, nəticədə ölkənin uzunmüddətli lideri Bəşər Əsəd hakimiyyətdən getmişdi. Əsədin həmin gün ailəsi ilə birlikdə ölkəni tərk edərək Moskvaya sığınması dünya mediasında geniş əks-səda doğurmuşdu.

2025-ci ilin martında, yeni prezident Əhməd əl-Şaraa “Yaradılış və Dəyişiklik” adlı hökumətin qurulduğunu elan etdi. Yeni kabinetin əsas məqsədinin ölkənin yenidən qurulması və islahatlara aparılması olduğu bildirilir.