Britaniyanın baş nazirinin malikanəsi yandı - Polis araşdırma aparır

Böyük Britaniyanın baş naziri Keir Starmerin şəxsi mülkiyyətində yanğın baş verib.

"Bizimxeber" The Telegraph qəzetinə istinadən bildirir ki, alov qısa müddətdə söndürülüb və evin giriş hissəsində ziyan qeydə alınıb. Xoşbəxtlikdən, hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğın London polisinin diqqət mərkəzindədir.

London polisi yanğının səbəblərini müəyyənləşdirmək üçün ərazidə araşdırmalara start verib və hadisə baş verən ərazi müvəqqəti olaraq mühasirəyə alınıb. "Baş nazir fövqəladə hallar xidmətlərinə gördüyü işlərə görə təşəkkür edib. Hadisə araşdırılır və biz əlavə şərh verməyəcəyik", – deyə baş nazirin sözçüsü bildirib.

Qeyd edək ki, hazırda Keir Starmer və ailəsi rəsmi iqamətgah olan Downing Street 10-da yaşayır. Onun Londonun şimalında yerləşən dörd otaqlı evi isə icarəyə verilib. 

Xatırladaq ki, ötən il keçmiş baş nazir Rişi Sunakın evinə icazəsiz daxil olmaqda şübhəli bilinən 4 nəfər Şimali Yorkşir polisi tərəfindən saxlanılmışdı. Hadisənin səbəbi hələlik bəlli deyil.