Cəbəllütariqin Şengen zonasına qoşulması üzrə danışıqlarda yekun razılaşma məsafəsindədir.
Bizimxeber bildirir ki, bu barədə Britaniyanın Xarici Ərazisinin baş naziri Fabian Pikardo bildirib. Razılaşmanın baş tutması ilə Cəbəllütariq və İspaniya arasında sərhədin açıq qalması təmin olunacaq, həmçinin bölgəyə səyahət edən Britaniya vətəndaşları pasportlarını Aİ sərhədçilərinə təqdim etməli ola biləcəklər.
Yeni razılaşma Cəbəllütariqin tək hava limanının sərhəd məntəqəsinə çevrilməsini nəzərdə tutur. Bu, Avropa sərhəd agentliyi Frontex-in sərhəd nəzarətini həyata keçirməsinə imkan verəcək. Məqsəd bölgəyə pasportsuz giriş-çıxışı təmin etməkdir.
Lakin danışıqlar zamanı suverenlik məsələləri dəfələrlə prosesə mane olub. İspaniya öz sərhəd polisinin Cəbəllütariq hava limanında təhlükəsizlik yoxlaması aparmasını istəyir, Britaniya isə bu istəyə qarşı çıxaraq, bölgənin suverenliyinin qorunmasını prioritet sayır.
Hal-hazırda gündəlik olaraq 15,000-dən çox ispan işçisi Cəbəllütariqə sərhədi keçir. Mövcud razılaşma bu axının problemsiz davam etməsini və Cəbəllütariq sakinlərinin Avropa İttifaqı daxilində azad hərəkətini təmin etməyə hesablanıb. Lakin bu keçid, həm İspaniya, həm də Cəbəllütariq tərəfindən qaydalara “göz yumulması” ilə mümkündür və qeyri-müəyyənlik içindədir.
Böyük Britaniya Xarici İşlər Nazirliyi bildirib ki, onlar yalnız Cəbəllütariqin suverenliyini tam şəkildə qoruyan və Baş Nazir Fabian Pikardonun dəstəklədiyi bir razılaşmanı qəbul edəcəklər.