Britaniya Rusiyanın “kölgə donanmasının” 100 tankerinə sanksiyalar qoydu

Böyük Britaniya, Rusiyanın qlobal neft bazarında sanksiyalardan yayınmaq üçün istifadə etdiyi “kölgə donanması” adlanan tankerlərə qarşı ən genişmiqyaslı sanksiyalar paketini elan etməyə hazırlaşır.

Bu barədə məlumatı Britaniya hökumətinin mətbuat xidməti yayıb.

"Bizimxeber" bildirir ki, mayın 9-da Osloda keçiriləcək Birgə Ekspedisiya Qüvvələri (JEF) toplantısında Britaniyanın Baş naziri Keir Starmer bu sanksiyalar paketini rəsmən açıqlayacaq.

Yeni sanksiyalar 100-ə yaxın Rusiya tankerini əhatə edəcək. Bu tanker filosu 2024-cü ilin əvvəlindən bəri 24 milyard dollar dəyərində neft məhsulu daşımaqla, Rusiyanın iqtisadi mənfəətini və müharibə resurslarını təmin etməkdə şübhəli bilinir.

“Bu donanmanın məsuliyyətsiz hərəkətləri yalnız iqtisadi deyil, həm də ekoloji və təhlükəsizlik sahəsində ciddi təhdidlər yaradır,” – Britaniya hökumətinin açıqlamasında bildirilir.