Britaniya qoşunları beş il Ukraynada yerləşdirilə bilər

Böyük Britaniya Ukraynaya qoşun yerləşdirməyi nəzərdən keçirir. Bu barədə “The Telegraph” nəşri məlumat yayıb. 

Mənbələrə görə, bu plan beş illik dövr üçün nəzərdə tutulub və məqsəd Rusiya tərəfindən mümkün növbəti işğalın qarşısını almaq, Ukrayna ordusunun hazırlığına və yenidən qurulmasına dəstək göstərməkdir.

Təklif olunan bu model Britaniya və Fransa arasında aparılan danışıqlar zamanı gündəmə gəlib.

Plana əsasən, Avropa ölkələrinin başçılıq etdiyi qüvvələr ilkin mərhələdə Ukraynaya göndərilərək həm Rusiya üçün çəkindirici faktor rolunu oynayacaq, həm də Kiyev ordusuna mühüm möhlət imkanı verəcək.

Fransız hərbi planlaşdırıcılarının bildirdiyinə görə, Kremlin Ukrayna daxilində Qərb qüvvələrinə qarşı genişmiqyaslı hücum etməsi ehtimalı aşağıdır. Onlar hesab edir ki, Rusiya yalnız kiçik əraziləri nəzarətə götürə bilər.

Koalisiyasının planında həmçinin Ukraynanın hava və dəniz məkanlarının qorunmasına yardım göstərilməsi də nəzərdə tutulur. Bununla yanaşı, yerləşdirmənin əsas məqsədi Ukrayna silahlı qüvvələrinin hazırlığını artırmaq və ölkənin müdafiə potensialını gücləndirməkdir. Nəticədə, bu qüvvələrin tədricən geri çəkilməsi planlaşdırılır və tam çıxarılma beş ildən sonra baş verə bilər.

Böyük Britaniyanın müdafiə naziri Con Healy isə məsələ ilə bağlı ətraflı şərh verməkdən imtina edib. Onun sözlərinə görə, təfərrüatların açıqlanması “Putini daha müdrik edə” bilər. 

Qeyd edək ki, bu təşəbbüs 2024-cü ilin martında Fransanın təklifi ilə müzakirəyə çıxarılıb və ötən həftə Fransa ilə Böyük Britaniyanın baş qərargah rəisləri Kiyevə səfər edərək Ukraynanın ali rəhbərliyi ilə uzunmüddətli əməkdaşlıq imkanlarını dəyərləndiriblər.