Böyük Britaniya hökuməti Rusiyalı oliqarx Roman Abramoviçdən "Çelsi" futbol klubunun satışından əldə edilmiş 2,34 milyard funt sterlinq məbləğində vəsaiti tələb etməyi planlaşdırır.
"Bizimxeber "Bloomberg"ə istinadən bildirir ki, bu pul Ukraynaya humanitar yardım məqsədilə yönəldilməsi nəzərdə tutulur.
2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan sonra Abramoviçə qarşı sanksiyalar tətbiq edilib. Nəticədə o, "Çelsi" klubunu satmağa məcbur olub. Klubun satışı zamanı əldə edilən vəsait hazırda bloklanmış vəziyyətdədir və hüquqi baxımdan kimə məxsus olduğu ilə bağlı mübahisələr davam edir.
Britaniya tərəfi bu vəsaitin dövlət nəzarəti altında Ukraynaya yardım üçün istifadə edilməsini istəyir. Lakin Abramoviç tərəfi vəsaitin qeyri-kommersiya məqsədli fonda verilməsi şərti ilə satışa razılaşdığını bildirir.
Bu addım Londonun Rusiyaya qarşı iqtisadi və hüquqi təzyiqləri davam etdirdiyini göstərir. Əgər məhkəmə Abramoviçdən bu vəsaiti tələb etməyi qanuni hesab etsə, bu, sanksiya siyasətində presedent ola bilər və digər oliqarxlar üçün də analoji qərarların verilməsinə yol aça bilər.