Böyük Britaniya, Rusiyanın mümkün hərbi hücumlarına cavab olaraq nüvə potensialını genişləndirmək üçün 12 yeni nüvə hücum sualtı qayığı inşa etməyi planlaşdırır.
"Bizimxeber" bildirir ki, rəsmi məlumatlara görə, yeni layihə ilə hazırda istismarda olan 7 ədəd Astute sinifli sualtı qayığın əvəz olunması nəzərdə tutulur. Həmçinin 4 strateji sualtı qayıq Böyük Britaniyanın dəniz əsaslı nüvə qüvvələrinin əsas elementi olan Trident nüvə raketləri ilə silahlandırılacaq.
Yeni nəsil sualtı qayıqların 2030-cu illərin sonlarından etibarən istifadəyə verilməsi gözlənilir. Layihə həm də 2021-ci ildə Böyük Britaniya, ABŞ və Avstraliya arasında imzalanan AUKUS müdafiə alyansı çərçivəsində həyata keçirilir. AUKUS razılaşması hərbi texnologiyaların paylaşılması, informasiya mübadiləsi və sualtı qayıqların birgə inkişafını nəzərdə tutur. Bu çərçivədə ümumilikdə 20 sualtı qayıq sifariş ediləcək.
Böyük Britaniyanın Baş naziri Keir Starmer, nüvə başlığı proqramına 15 milyard funt-sterlinq (təxminən 20 milyard ABŞ dolları) sərmayə ayrılacağını açıqlayıb. Qeyd edək ki, bu, ilk dəfədir ki, rəsmi London həm nüvə hücumu sualtı qayıqlarının sayını, həm də döyüş başlığı proqramlarına ayrılan vəsaiti açıq şəkildə elan edir.
Britaniya hökumətinin yeni müdafiə planlarının ətraflı detalları 2 iyun tarixində açıqlanacaq Strateji Müdafiə İcmalı sənədində yer alacaq. 130 səhifəlik sənəddə Rusiyadan gələn “təcili və kəskin” təhlükəyə cavab olaraq ölkənin silahlı qüvvələrinin döyüş hazırlığı vəziyyətinə gətirilməsi tövsiyə olunur.
Böyük Britaniyanın Müdafiə naziri Con Gilliam, bu tədbirlərin Rusiyaya açıq siqnal olduğunu bildirib: “Biz döyüşə tam hazır olmalıyıq. Bu araşdırma Moskvaya ciddi xəbərdarlıqdır”.