Boris Conson Trampın "sülh planını" sərt tənqid etdi: "Ukrayna heç nə almır"

Böyük Britaniyanın sabiq baş naziri Boris Conson ABŞ-ın keçmiş prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsinə dair irəli sürdüyü “sülh planını” kəskin şəkildə tənqid edib. Ukraynanın açıq tərəfdarı olan Conson bu fikirlərini “X” sosial şəbəkəsində paylaşıb.

Conson qeyd edib ki, Trampın təklifləri Ukraynanın maraqlarını tamamilə gözardı edir və Rusiyanın təcavüzkar siyasətini mükafatlandırır. Onun fikrincə, təklif olunan plan Putinə Ukraynanın işğal olunmuş ərazilərini saxlamaq, NATO-ya inteqrasiyanı əngəlləməklə ölkənin gələcəyini nəzarətdə saxlamaq, iqtisadi sanksiyalardan xilas olmaq və ABŞ ilə əməkdaşlığa qayıtmaq imkanları verir.

“Putin minlərlə dinc ukraynalını amansızcasına qətlə yetirir və buna qarşılıq bu plan ona yeni hücumlar üçün qüvvələrini bərpa etməyə imkan yaradır,” – deyə Conson bildirib. Conson sual edir: “Bəs Ukrayna nə əldə edir? Üç illik qanlı müharibədə göstərdiyi qəhrəmanlıq, azadlıq və demokratiya uğrunda verdiyi qurbanlar qarşılığında hansı dividentləri alır? Təklif olunan plan Ukraynaya yalnız ABŞ-la öz təbii sərvətlərini bölüşmək hüququ verir. Başqa heç nə!”

O, əlavə edib ki, bu cür planlar Rusiyanın gələcək işğallarının qarşısını almağa qadir deyil.

“Əgər doğrudan da sülh istəyiriksə, Ukraynaya uzunmüddətli və real təhlükəsizlik zəmanəti verilməlidir. Bu zəmanət ABŞ, Böyük Britaniya və digər Qərb müttəfiqləri tərəfindən təmin edilməlidir,” – deyə sabiq baş nazir vurğulayıb. 

Qeyd edək ki, Trampın komandasının ötən həftə Parisdə Ukrayna və Rusiyaya təqdim etdiyi bir səhifəlik “sülh planı” sənədində ABŞ-ın Krımın Rusiya nəzarətində qalmasını qəbul etməyə və mövcud sanksiyaları yumşaltmağa hazır olduğu iddia olunur. 

ABŞ dövlət katibi Marko Rubio da çıxışında bu planın “bitmiş bir sülh xətti” olduğunu, indi isə tərəflərin “hə” deməsinin vacib olduğunu bildirib.