İstanbulun nüfuzlu Boğaziçi Universitetində baş verən son hadisə Türkiyə cəmiyyətində yenidən gərginlik yaradıb.
"Bizimxeber" bildirir ki, universitet kampusunda təşkil edilən İslam təbliğatçısı Nurəddin Yıldızın konfransına etiraz edən tələbələrə qarşı polis müdaxiləsi baş verib. İstanbul valisi Davud Gülün verdiyi məlumata görə, ümumilikdə 97 tələbə saxlanılıb.
Etirazlara səbəb Yıldızın erkən nikahlarla bağlı verdiyi mübahisəli fikirlər olub. Onun çıxışı universitetdə fəaliyyət göstərən bir tələbə klubu tərəfindən təşkil edilib. Lakin bu konfrans, bir çox tələbənin və ictimaiyyət nümayəndələrinin etirazına səbəb olub.
Boğaziçi Universitetində bu ilk belə hadisə deyil. Son illərdə tələbə və müəllimlər mütəmadi olaraq hökumətin akademik müstəqilliyə müdaxiləsinə qarşı çıxış edirlər. Xüsusilə də, İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlunun hüquqi təzyiqlərlə qarşılaşması fonunda universitet gəncləri bir çox etiraz aksiyalarında ön sırada yer alıblar.