İsrailin son hava hücumları nəticəsində 15 nəfər həyatını itirib.
Həlak olanların 10-u eyni ailənin üzvləridir. Bunu Qəzzanın Mülki Müdafiə Agentliyi bildirib.
Mülki müdafiə sözçüsü Mahmud Bassal Telegram üzərindən yayımladığı məlumatda qeyd edib ki, İsrailin cənub Qəzza zolağında yerləşən Xan Yunisin şərqindəki Bəni Suheylə bölgəsinə endirdiyi zərbələr nəticəsində Barakə ailəsinin və onların qonşularının evləri dağıdılıb. Hadisə yerindən 10 şəhidin və çox sayda yaralının cəsədi çıxarılıb.
Bassal əlavə edib ki, Qəzzanın şimalındakı Təl əl-Zatar bölgəsində yerləşən iki evə endirilən digər hava zərbələri nəticəsində daha beş nəfərin cəsədi tapılıb.
İsrail ordusu məsələ ilə bağlı hələlik rəsmi açıqlama yaymayıb. Qeyd edək ki, martın 18-dən etibarən İsrail mühasirədə saxladığı Qəzza zolağına qarşı hava hücumlarını intensivləşdirib və quru əməliyyatlarını genişləndirməyə davam edir.
Cümə axşamı isə Mülki Müdafiə Agentliyi bildirmişdi ki, İsrailin bombardmanları nəticəsində azı 40 sakin həyatını itirib. Onların əksəriyyəti mülki köçkünlər üçün salınmış düşərgələrdə yaşayırdı.