Belçikanın baş naziri Bart De Vever VRT telekanalına verdiyi açıqlamada, İsrailin baş naziri Benyamin Netanyahunun ölkəyə səfəri halında həbs edilməyəcəyini bəyan edib.
Bu bəyanat, Beynəlxalq Cinayət Məhkəməsi (BCM) tərəfindən Netanyahunun hərbi cinayətlərə görə həbsinə dair çıxarılan orderə zidd olaraq səslənib.
Qeyd edək ki, 2024-cü ilin noyabrında BCM, Netanyahunun Qəzzada hərbi cinayətlərə görə məsuliyyət daşıdığı şübhəsi ilə həbs qərarı çıxarmışdı. Lakin De Veverin sözlərinə görə, “real siyasət” (realpolitik) nəzərə alınaraq etik prinsiplər yox, praktiki və siyasi reallıqlar əsas götürülür.
“Realpolitik deyə bir şey var. Bu çərçivədə etik mülahizələr yox, praktiki yanaşmalar ön plandadır”, – deyə Belçikanın baş naziri bildirib.
De Veverin fikrincə, əksər Avropa ölkələri Netanyahunu həbs etməyə meyilli deyil. O, xüsusilə Fransa və Belçikanı misal çəkərək bildirib ki, bu ölkələrdə belə bir addımın atılacağına inanmır.
Beynəlxalq Cinayət Məhkəməsi Netanyahunu Qəzzada mülki əhalinin kütləvi şəkildə hədəf alınması, blokada tətbiqi və qeyri-insani şərtlər yaratmaq kimi hərbi cinayətlərdə ittiham edir. Həbs orderi isə beynəlxalq hüquq normalarına əsasən, BCM üzvü olan ölkələrə bu qərarı icra etməyi öhdəlik kimi təqdim edib.