ABŞ-ın keçmiş prezidenti Co Bayden Ağ Evi tərk etdikdən sonra ilk dəfə pullu çıxışlara başlayıb. Onun bir tədbirdə spiker kimi iştirakı təxminən 300 min dollara başa gəlir.
Məlumatı The New York Post yayıb. Nəşrin yazdığına görə, Baydenin spiker kimi çıxışlarına maraq böyük deyil. Onun çıxışlarını təşkil edən Creative Artists Agency adlı agentlik, keçmiş prezidentin çox da "əlçatan" olmadığını, eyni zamanda ona olan tələbin də aşağı səviyyədə qaldığını bildirib.
Maraqlıdır ki, Barak Obama bu sahədə Baydendən daha populyardır. O, prezidentlikdən getdikdən sonra da çıxışlarına davam edir və hər çıxışı təxminən 400 min dollara başa gəlir. Hətta on il keçməsinə baxmayaraq, Obamaya olan maraq hələ də yüksəkdir.
Baydenin ilk ictimai çıxışı bu il yanvarın 20-də Çikaqoda əlillərin hüquqlarının müdafiəsi tədbirində olub. Uzun fasilədən sonra ictimaiyyət qarşısına çıxan siyasətçi ABŞ-da sosial təminat məsələlərindən danışaraq hazırkı administrasiyanın apardığı ixtisarları sərt tənqid edib.
Bu çıxışa cavab isə gecikməyib. Hazırkı prezident Donald Trump, Baydeni "Amerika tarixindəki ən pis lider" adlandıraraq, ölkədə cinayətkarlığın artmasında onu ittiham edib. Trump əlavə edib ki, "ABŞ-ın əsas vəzifəsi indi bütün qatilləri və quldurları ölkədən qovmaqdır".