Avstraliya tərəddüd edir, ABŞ təzyiq göstərir - AUKUS paktı böyük sual altında

ABŞ, Avstraliya və Böyük Britaniyanın iştirakı ilə imzalanmış AUKUS təhlükəsizlik paktı çərçivəsində Avstraliyaya nüvə enerjisi ilə işləyən sualtı qayıqların satışı bir sıra yeni şübhələr və siyasi təzyiqlərlə üzləşib. 

ABŞ Prezidenti Donald Trampın tarif siyasətini davam etdirməsi və Vaşinqtonda Çinlə münaqişədə çəkindirici strategiyanın zəifləməsi ilə bağlı narahatlıqlar gündəmdədir.

ABŞ Müdafiə Nazirliyi Avstraliyanın 2032-ci ildən başlayaraq üç Virciniya sinifli sualtı qayıq alacağını bildirsə də, bu, ABŞ Hərbi Dəniz Qüvvələrinin istehsal qabiliyyətindən asılıdır. Müdafiə naziri Riçard Marles ötən ay bu məsələ ilə bağlı amerikalı həmkarı ilə görüşdükdən sonra vəziyyətin mürəkkəbliyini təsdiqləyib.

Vaşinqtonda suallar: Avstraliya bu qayıqlarla nə edəcək?

ABŞ-da ekspertlər narahatdır - Avstraliya bu sualtı qayıqlardan Çinlə münaqişə zamanı istifadə etməyə hazır deyil. Hərbi simulyasiyalarda Avstraliya qüvvələrinin Çin hədəflərinə hücum etməkdən çəkinməsi Vaşinqtonda çaşqınlıq yaradıb.

Avstraliya 2025-ci ilə qədər ABŞ-a 2 milyard dollar ödəməlidir ki, ABŞ gəmiqayırma sənayesini genişləndirə bilsin. Amma ölkədə nə büdcə, nə texniki işçi qüvvəsi, nə də siyasi iradə bu prosesə tam hazır görünür. Hətta Tramp administrasiyası əlavə maliyyə də tələb edib.

Avstraliya tərəddüd edir, ABŞ təzyiq göstərir

Vaşinqton Avstraliyanın Tayvan böhranı ssenarisində ABŞ-a qoşulub-qoşulmayacağına dair qeyri-müəyyənliyindən narazıdır. ABŞ Hərbi Dəniz Qüvvələrinin 2027-ci ilə qədər Çinlə mümkün münaqişəyə hazır olmaq məqsədi ilə bağlı planları AUKUS layihəsinin taleyini daha da kritik nöqtəyə gətirib.

Həmçinin mayın 3-də keçiriləcək federal seçkilər Avstraliyada AUKUS-a münasibətə təsir edə bilər. Müstəqil qanunvericilərin parlamentdə daha çox söz sahibi olması AUKUS müqaviləsinin yenidən nəzərdən keçirilməsinə gətirib çıxara bilər. /Reuters/