ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Steven Witkoff və ABŞ-ın yeni dövlət katibi Marko Rubio Fransaya səfər ediblər. Səfərin əsas məqsədi Ukrayna münaqişəsinin diplomatik həlli istiqamətində danışıqlar aparmaqdır.
"BX LiveBLOG" bildirir ki, Sky News kanalının Fransa Prezidenti Emmanuel Makronun administrasiyasındakı mənbəyə istinadən verdiyi məlumata görə, Avropa ölkələri bu prosesə getdikcə daha aktiv qoşulurlar. Bildirilir ki, gələn həftə Londonda Böyük Britaniya, Almaniya və Fransa liderləri arasında mühüm görüş planlaşdırılır.
Fransız rəsmilər bu səfəri “Avropa ambisiyalarının tərkib hissəsi” adlandıraraq qeyd ediblər ki, Parisdə avropalıların iştirak etdiyi müsbət və konstruktiv proses başlanıb.
Fransa prezident administrasiyasının sözçüsü Makronla ABŞ dövlət katibi Rubio arasında keçirilmiş Ukrayna üzrə danışıqları “əla” və “konstruktiv” kimi qiymətləndirib. Onun sözlərinə görə, Paris bu prosesin mərkəzində yer almağa və diplomatik səyləri birləşdirməyə hazırdır.
ABŞ Dövlət Departamenti də danışıqlarda iştirak edən tərəflərə Ukrayna üzrə sülh razılaşmasının konturlarını təqdim etdiyini bəyan edib. Rəsmi Vaşinqton bildirib ki, bütün ölkələr səmimi və sadiq şəkildə iştirak edərsə, sülh mümkündür.
Maraqlı məqam odur ki, Marko Rubio Parisdəki görüşlərdən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrova zəng edib. Bu telefon danışığında Vaşinqton-Moskva məsləhətləşmələri və fransız diplomatlarla keçirilən təmaslar müzakirə olunub.