Avropa İttifaqının (Aİ) ən böyük ölkələri Rusiyadan təbii qaz tədarükünün bərpasını ciddi şəkildə nəzərdən keçirir.
Bu barədə “Reuters” agentliyi məlumat yayıb. Nəşrin məlumatına görə, Aİ üzvü olan bir sıra dövlətlər Qazprom ilə yeni qaz müqavilələri bağlamağı planlaşdırır.
Xatırladaq ki, bundan əvvəl Avropa Komissiyası 2022-ci ildən sonra qəbul etdiyi qərarla 2027-ci ilə qədər Rusiya qazından tamamilə imtina etməyi hədəfləmişdi. Lakin mövcud geosiyasi və iqtisadi çətinliklər, xüsusilə də enerji qiymətlərinin artması fonunda bu planın reallaşması sual altına düşüb.
Aİ rəhbərliyi Rusiya qazını ABŞ və Qətərdən alınacaq mayeləşdirilmiş təbii qazla əvəz etməyə çalışsa da, bu istiqamətdə uğur əldə olunmayıb.
Reuters-in məlumatına görə, Doha ilə aparılan danışıqlar nəticəsiz qalıb, ABŞ prezidenti Donald Tramp isə Avropa mallarına gömrük rüsumları tətbiq edərək ticarət müharibəsinə start verib. Bu isə Avropa ölkələrinin enerji alternativləri ilə bağlı planlarını çətinləşdirib.
Fransanın “Engie” enerji şirkətinin icraçı vitse-prezidenti Didye Ollo bildirib ki, Aİ Rusiyadan ildə 70 milyard kubmetr qaz almaqla öz enerji tələbatının təxminən 25%-ni qarşılaya bilər. “TotalEnergies” şirkətinin rəhbəri Patrik Pouyanne də Rusiyadan qaz tədarükünün bərpası ehtimalını dəstəklədiyini bildirib.
Berlində yerləşən Helmholtz Materiallar və Enerji Mərkəzinin eksperti Suzanne Nies isə bildirib ki, ABŞ prezidenti Donald Tramp Avropaya təzyiq göstərə və onu Rusiya qazının idxalını bərpa etməyə məcbur edə bilər. Onun sözlərinə görə, mavi yanacaq Avropaya ya “Şimal axını” vasitəsilə, ya da “Amerika qazı” adı altında dolayı yollarla nəql edilə bilər.