Avropa Parlamentindən Qələbənin 80 illiyinə qətnamə - SSRİ-nin rolu yenidən müzakirədə

Avropa Parlamenti İkinci Dünya Müharibəsinin başa çatmasının 80 illiyi ilə bağlı mayın 8-də qəbul edilə biləcək qətnamə layihəsi üzərində işləyir. Bu barədə məlumatı Rusiya nəşri "İzvestiya" yayıb.

Qətnamə hələ rəsmi gündəliyə daxil edilməyib, lakin müzakirələr artıq ciddiləşməkdədir.

Çexiyalı deputat Tomaş Zdeçovski qeyd edib ki, hazırkı sənəd layihəsində SSRİ-nin müharibədəki rolu ilə bağlı xüsusi bölmə yoxdur. Halbuki, əvvəlki illərdə Avropa Parlamenti Sovet İttifaqının həm faşizmə qarşı mübarizədəki əhəmiyyətini, həm də Şərqi Avropadakı işğalçılıq siyasətini vurğulamışdı.

Zdeçovski bildirib ki, sovet xalqının İkinci Dünya Müharibəsi zamanı göstərdiyi böyük fədakarlığı danmaq olmaz. Lakin eyni zamanda, Stalin dövrünün repressiyaları və Şərqi Avropa ölkələrinin onilliklər boyu çəkdiyi iztirablar da etiraf olunmalıdır.”

Avropa Parlamentinin mayın 5-dən 8-dək davam edəcək sessiyasında qətnamənin gündəliyə salınıb-salınmayacağı bir həftə öncədən məlum olacaq. Fransalı deputat Thierry Mariani isə bildirib ki, sənəddə ABŞ və Qərbi Avropa müttəfiqlərinin Avropanın azad edilməsindəki rolunun önə çıxarılması planlaşdırılır.

Bu yanaşma, Avropada tarixə verilən fərqli siyasi baxışların bir təzahürüdür. SSRİ-nin faşizm üzərindəki qələbədə həlledici rolunu qəbul edənlər olduğu kimi, bu qələbənin ardınca baş verən siyasi işğal və azadlıqların məhdudlaşdırılmasını qabardanlar da az deyil.

Digər tərəfdən, Avropa İttifaqının xarici siyasət rəhbəri Kaja Kallas bəyan edib ki, 9 May Qələbə Günü münasibətilə Moskvada təşkil olunacaq tədbirlərdə iştirak edən xarici nümayəndə heyətləri siyasi nəticələrlə üzləşə bilər. 

Kallas xüsusilə Aİ-yə üzv olmaq istəyən ölkələri hədəf alaraq, Rusiyada keçirilən tədbirlərdən uzaq durmağı tövsiyə edib.