Avropa Komissarı: “Rusiya artıq böyük qələbələr qazana bilməz”

Avropanın müdafiə məsələləri üzrə komissarı Andrius Kubilius Rusiya ilə Ukrayna arasında davam edən müharibənin dinamikasının dəyişdiyini və Rusiyanın artıq cəbhə xəttində böyük qələbələr qazanmaq imkanlarının tükəndiyini açıqlayıb.

"Bizimxeber" bildirir ki, o, bu fikirləri Ukraynanın Suspilne nəşrinə verdiyi müsahibədə səsləndirib

Komissar vurğulayıb ki, müasir müharibənin xarakteri tamamilə dəyişib və xüsusilə PUA-ların (pilotsuz uçuş aparatları) rolu ciddi şəkildə artıb. Bu texnoloji üstünlük, onun sözlərinə görə, resurs baxımından zəngin olan Rusiya üçün belə cəbhədə irəliləyiş əldə etməyi çətinləşdirir: "Müharibə çox dəyişdi. İndi PUA-lar ən böyük rol oynayır. Bu, Rusiya kimi daha çox resursa malik olan tərəfin cəbhə xəttində əhəmiyyətli dərəcədə irəliləməsinə mane olur."

Kubilius Rusiyanın real gücünün iddia ediləndən daha zəif olduğunu qeyd edib. Onun fikrincə, Rusiya bu zəifliyi kompensasiya etmək üçün Şimali Koreya əsgərlərinə və İranın hərbi texnologiyasına müraciət edir.

Bununla belə, komissar gələcəyə nikbin baxdığını bildirib: "Ukrayna cəbhə xəttində öz mövqelərini qoruya bilər, Qərb dəstəyi artıra bilər. Bu da bizə ədalətli sülh perspektivini görməyə imkan verəcək nəticə gətirə bilər."

O əlavə edib ki, ədalətli sülh yalnız Ukraynanın hərbi dayanıqlığı və Qərbin Rusiyaya təzyiqləri nəticəsində mümkündür. ABŞ-ın strategiyasının bəhrə verəcəyinə ümid etdiyini söyləyən Kubilius, hazırda Rusiya prezidenti Vladimir Putinin atəşkəs barədə danışıqlara hazır göründüyünü düşünmədiyini də qeyd edib.