Avropa İttifaqı Slovakiya və Macarıstana maliyyə yardımını dayandırır

Almaniya kansleri Fridrix Merz Avropa İttifaqının (Aİ) ümumi siyasət kursundan kənara çıxan üzv ölkələrə qarşı ciddi tədbirlər görüləcəyini bəyan edib.

"Bizimxeber" Bloomberg-ə istinadən  bildirir ki, o, xüsusilə Slovakiyanın adını çəkərək, Aİ-nin maliyyə yardımının dayandırıla biləcəyini istisna etməyib.

“Qanunun aliliyini pozan üzv ölkələr təhqiqata məruz qala bilər və maliyyənin kəsilməsi ehtimalı var. Əgər bu lazım olarsa, biz bunu edəcəyik,” – deyə Merz WDR Europaforum konfransında bildirib.

Kanslerin açıqlamaları təkcə Slovakiyaya deyil, Aİ-nin vəsaitlərinin bir hissəsini artıq itirmiş Macarıstana da yönəlib. Merz bu ölkələrin demokratik standartlardan uzaqlaşdığını vurğulayaraq, Brüsselin mövqeyinin sərtləşəcəyini açıq şəkildə ifadə edib.

Bloomberg qeyd edir ki, bu bəyanat Almaniyanın yeni hökumət rəhbərliyinin Aİ-nin dəyərlərinə sadiqliyi qorumaq üçün Mərkəzi Avropa ölkələri ilə münasibətləri pisləşdirməkdən çəkinməyəcəyini göstərən ən açıq siqnallardan biridir. Mənbə /Bloomberg /