Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri İranın Avropa vətəndaşlarını qanunsuz saxlaması ilə bağlı 7 nəfərə və 2 təşkilata qarşı sanksiyalar tətbiq etmək qərarına gəliblər. Bu barədə diplomatik mənbələr Reuters-ə bildiriblər.
Sanksiya siyahısına Tehrandakı Evin həbsxanasının direktoru, bir neçə hakim və digər məhkəmə rəsmiləri daxil edilib. Təşkilatlar arasında isə Şiraz şəhərinin əsas həbsxanası ön plana çıxır.
Aİ-nin tətbiq etdiyi tədbirlər çərçivəsində bu şəxslərin və qurumların Avropadakı bütün aktivləri dondurulur, həmçinin Avropa İttifaqına səyahət etmələri qadağan olunur.
Diplomatik mənbələrin bildirdiyinə görə, İranın İnqilab Keşikçiləri Korpusu son illərdə əsasən casusluq və təhlükəsizliklə bağlı ittihamlarla onlarla əcnəbini və ikili vətəndaşı həbs edib. Onların arasında ən azı 20 nəfər Avropa vətəndaşı var.
Hüquq müdafiəçiləri İranı bu həbslərdən diplomatik təzyiq və güzəşt əldə etmək üçün alət kimi istifadə etməkdə ittiham edir. Rəsmi Tehran isə ikili vətəndaşlığı tanımadığını və bu ittihamların əsassız olduğunu bildirir.
Xüsusilə iki vətəndaşının işgəncəyə bənzər şəraitdə saxlandığını bildirən Fransa, Aİ daxilində İrana qarşı təzyiqlərin artırılmasında fəal iştirak edir. Fransanın xarici işlər naziri Jan-Noel Barrot, Lüksemburqda keçirilən Aİ iclasına gələrkən jurnalistlərə bildirib: “Mən şadam ki, bu gün Şiraz həbsxanası da daxil olmaqla, yeddi nəfər və iki quruma qarşı sanksiya tətbiq edilə bilər. Vaxtı çatıb, çünki bəzi soydaşlarımızın – fransız və avropalıların – saxlanma şəraiti yararsızdır".