Apple iPhone istehsalını Çindən Hindistana köçürür

Apple, 2026-cı ilin sonuna qədər ABŞ bazarı üçün nəzərdə tutulan iPhone modellərinin istehsalını Çindən Hindistana köçürməyi planlaşdırır. Bu barədə Financial Times məlumat yayıb. 

Qərarın əsas səbəbi ABŞ prezidenti Donald Trampın Çinlə sərtləşən ticarət siyasəti və Pekinlə davam edən iqtisadi gərginlikdir.

FT yazır ki, Çində istehsal Apple üçün həm maliyyə, həm də geosiyasi baxımdan riskli və baha başa gəlir. Şirkət bu səbəbdən təchizat zəncirində diversifikasiyanı sürətləndirməyə qərar verib.

Apple-ın planına əsasən, 2026-cı ilə qədər Hindistanda 60 milyondan çox iPhone istehsal ediləcək. Hələlik Çin əsas istehsal mərkəzi olaraq qalır, lakin Hindistanın payı durmadan artır. Belə ki, 2012-ci ildə bu ölkədə Apple-ın heç bir təchizatçısı yox idi, 2023-cü ilə qədər isə onların sayı 14-ə çatıb və istehsalın 7%-i artıq Hindistanda həyata keçirilir.

Qeyd edək ki, Bloomberg daha əvvəl Apple-ın ABŞ-ın ticarət siyasətləri səbəbindən koronavirus pandemiyasından bəri ən ciddi iqtisadi təzyiqlərlə üzləşdiyini bildirmişdi.