ABŞ-ın rəsmi xarici yayım qurumu olan “Amerikanın Səsi” (Voice of America) bu həftə 800-ə yaxın əməkdaşına ixtisar bildirişi təqdim etməyə hazırlaşır.
"Bizimxeber" bildirir ki, bu barədə məlumatı "Politico" dörd müxtəlif mənbəyə istinadla yayıb.
Xəbərə görə, bu, may ayında Donald Tramp administrasiyası tərəfindən həyata keçirilən ilk ixtisar dalğasından sonra ikinci və daha genişmiqyaslı addımdır. Həmin vaxt təxminən 600 nəfər əməkdaş təşkilatdan uzaqlaşdırılmışdı.
İndi isə ixtisarlar qurumun qalan bütün əməkdaşlarını əhatə edəcək və nəticədə “Amerikanın Səsi”nin yayımı tamamilə dayandırıla bilər.
ABŞ Qlobal Media Agentliyi (USAGM) və Ağ Ev baş verənlərlə bağlı şərh verməkdən imtina edib.
Qeyd edək ki, “Amerikanın Səsi” ABŞ hökumətinə bağlı olsa da, uzun illər ərzində dünyanın müxtəlif bölgələrində, xüsusilə də avtoritar rejimlər altında yaşayan xalqlara alternativ informasiya təqdim edən mühüm media platforması kimi fəaliyyət göstərib. Quruma bağlı olaraq 40-dan çox dildə yayımlar həyata keçirilir.
Ekspertlər hesab edirlər ki, ixtisarlar baş tutacağı təqdirdə bu, dünyada azad informasiya mənbələrinə çıxışı daha da məhdudlaşdıra bilər, xüsusilə də Rusiya, İran, Çin kimi ölkələrdə.