ABŞ istehsalı olan kosmetik məhsullar yenidən Rusiya bazarına daxil olmağa başlayıb.
"Bizimxeber" RİA Novosti-yə istinadən xəbər verir ki, ABŞ-ın rəsmi statistika xidmətinin məlumatına görə, 2025-ci ilin fevral ayında Rusiyaya kosmetika idxalı cəmi 15,8 min dollar təşkil edirdisə, mart ayında bu göstərici 504 min dollara yüksəlib. Bu, son üç il ərzində qeydə alınan ən yüksək rəqəmdir.
Ən çox idxal edilən məhsullar arasında əsas yeri ənliklər tutur - 493,6 min dollar dəyərində. Bundan əlavə, dırnaq boyası və müxtəlif qulluq vasitələrinin də idxalı artıb (təxminən 10 min dollar).
Bununla yanaşı, Avropa kosmetika bazarında da Rusiyaya qarşı tətbiq edilən bəzi tariflər yumşaldılıb. Belə ki, Fransa mənşəli ətirlər, tualet suları və saç baxımı məhsullarına tətbiq edilən idxal rüsumları əvvəlki 35%-dən 20%-ə endirilib. Lakin eyni zamanda bəzi digər ölkələrə qarşı tariflər sərtləşdirilib.
Maraqlıdır ki, yaxın zamanda Fransanın tanınmış brendi Louis Vuitton Rusiyada altı yeni ticarət nişanı qeydiyyatdan keçirib. Brendin planlarına əsasən, bu nişanlar altında ətirlər, zinət əşyaları, saatlar, kosmetik vasitələr və hətta ayaqqabı baxımı üçün məhsullar təqdim olunacaq. Qeyd olunur ki, bəzi məhsulların qiyməti bir milyon rubla qədər yüksələ bilər.
Bu dəyişikliklər Qərbin sanksiyalarına baxmayaraq, Rusiya bazarının lüks və gündəlik istehlak məhsullarına olan tələbatını qoruyub saxladığını göstərir.