“Almaniya üçün Alternativ” partiyası rəsmən ekstremist elan edildi

Almaniyanın daxili təhlükəsizliyinə cavabdeh olan Federal Konstitusiyanın Müdafiəsi İdarəsi “Almaniya üçün Alternativ” (AfD) partiyasını rəsmi olaraq sağçı ekstremist kimi tanıyıb.

"Bizimxeber" bildirir ki, bu barədə “Spiegel” nəşri “Avropa Həqiqəti”nə istinadən məlumat yayıb. 

İdarənin bir neçə ay davam edən araşdırmasından sonra hazırlanan 1100 səhifəlik hesabatda partiyanın bütün ölkə üzrə fəaliyyəti sağçı ekstremizm meyilləri ilə əlaqələndirilir. Bu, ilk dəfədir ki, AfD-nin bütövlükdə ekstremist təşkilat kimi tanınması baş verir. Əvvəllər yalnız Türingiya, Saksoniya və Saksoniya-Anhalt əyalətlərindəki partiya şöbələri bu statusa malik idi.

Ekspertlər bildirirlər ki, bu qərar AfD-nin gələcəkdə qadağan edilib-edilməməsi ilə bağlı müzakirələri daha da gücləndirəcək. Partiyanın qadağan olunması üçün Almaniya Bundestaqı, Bundesratı və ya hökumət tərəfindən Konstitusiya Məhkəməsinə rəsmi müraciət edilməlidir.

Siyasi dairələrdə isə artıq müzakirələr başlayıb. Xristian Demokrat İttifaqı və Almaniya Sosial Demokrat Partiyası təhlükəsizlik xidmətlərinə nəzarət edən parlament komitələrində AfD üzvlərinin iştirakına qarşı çıxış ediblər.

Qeyd edək ki, sağçı ideologiyası ilə tanınan “Almaniya üçün Alternativ” partiyası son aylarda populyarlığını artıraraq reytinqlərdə birinci yerə yüksəlib.

Növbədənkənar parlament seçkilərində partiya 152 mandat qazanaraq əsas müxalifət qüvvəsinə çevrilib. Partiyaya ən böyük dəstək ölkənin şərq əyalətlərində müşahidə olunur.