2025-ci il mayın 28-də, çərşənbə günü Almaniya Bundestaqında miqrasiya siyasətinə dair iki mühüm qanun layihəsi səsverməyə çıxarılacaq. Hər iki sənəd ölkədə qaçqınların və miqrantların hüquqlarına əhəmiyyətli təsir göstərə bilər.
Birinci qanun layihəsi məhdud müdafiə statusu olan qaçqınların ailə birləşməsi hüququnun məhdudlaşdırılmasını nəzərdə tutur. Yeni dəyişikliklər qəbul olunarsa, bu kateqoriyaya aid şəxslər yalnız istisna hallarda – məsələn, ağır ailə vəziyyətində – ilk iki il ərzində Almaniyaya ailə üzvlərini gətirə biləcəklər.
Almaniyanın daxili işlər naziri Aleksander Dobrindt (CDU/CSU) bu təşəbbüsün məqsədini belə izah edib: “Biz Almaniyanın miqrantlar üçün həddən artıq cəlbedici olmasının qarşısını almalıyıq.” Onun sözlərinə görə, hər ay Almaniyaya təxminən 1000 nəfər qaçqın qohumu gəlir. Lakin 30-dan çox qeyri-hökumət təşkilatı bu dəyişikliklərin əleyhinə çıxaraq onların insan haqlarına zidd olduğunu bildiriblər.
İkinci qanun layihəsi isə əvvəlki koalisiyanın tətbiq etdiyi və yalnız 3 il ərzində Almaniya vətəndaşlığı almaq imkanını ləğv etməyi hədəfləyir. Mühafizəkarlar (CDU/CSU) bu prosesi azı 5 ilə qaytarmaq istəyir, lakin ikili vətəndaşlıq hüququnun qorunub saxlanmasını dəstəkləyirlər.
Bu iki qanun layihəsi Almaniyada miqrasiya siyasətinin sərtləşdirilməsi istiqamətində atılan növbəti addımlar kimi qiymətləndirilir. İnsan hüquqları müdafiəçiləri isə bu dəyişikliklərin minlərlə insanın taleyinə mənfi təsir edəcəyindən narahatdır.