Albaniyada seçkidə hakim Sosialist Partiyası qalib gəldi

Albaniyada keçirilən parlament seçkilərinin ilkin nəticələrinə əsasən, hazırkı baş nazir Edi Ramanın rəhbərlik etdiyi Sosialist Partiyası qələbə qazanıb.

"Bizimxeber" Associated Press-ə istinadən bildirir ki, səslərin təxminən 25%-i  hesablandıqdan sonra Sosialistlər 53% səs toplayıblar. Ən yaxın rəqib keçmiş prezident və baş nazir Sali Berişanın rəhbərlik etdiyi sağ-mərkəzçi müxalifət koalisiyası isə yalnız 35% səs əldə edib.

Mərkəzi Seçki Komissiyasının rəhbəri İlirjan Çelibaşı seçkilərin ümumilikdə dinc və qaydalara uyğun keçdiyini bildirib. O qeyd edib ki, namizədlər və onların bəzi tərəfdarları tərəfindən baş verən lokal qayda pozuntuları ümumi nəticələrə təsir etməyəcək.

“Bir neçə hal istisna olmaqla, proses bütövlükdə qaydalara və standartlara uyğun aparılıb”, – deyə o, seçkilərdən sonra bildirib.

Baş nazir Rama seçki kampaniyası boyunca infrastruktur və ədliyyə sahəsində islahatları ön plana çəkib. Onun rəhbərlik etdiyi partiya bildirir ki, beş il ərzində Avropa İttifaqına üzvlüyü təmin edə bilərlər. Planlara görə, danışıqlar 2027-ci ilə qədər başa çatdırılmalı və 2030-cu ilə qədər bütün 27 Aİ üzv dövlətinin təsdiqi alınmalıdır.