Aİ və G7 Rusiya neftini 45 dollara endirmək istəyir - ABŞ tərəddüd edir

Avropa İttifaqı və G7 ölkələri Rusiya neftinin qiymətini bir barel üçün 45 dollara endirməyi müzakirə edir. Bu addım Rusiyaya qarşı sanksiyaların daha da sərtləşdirilməsi məqsədi daşıyır. Lakin bu təşəbbüs hələ bütün Aİ üzvləri və G7 tərəfdaşları tərəfindən yekdilliklə dəstəklənmir.

Məlumata görə, Avropa Komissiyası və Aİ-nin nüfuzlu ölkələri - Fransa, Almaniya və İtaliya bu addımı dəstəkləyir. Eyni zamanda, Böyük Britaniya da bu mövqedədir. Müzakirələr çərçivəsində xam neftin ixrac qiymətinin hazırkı 60 dollardan 45 dollara endirilməsi planlaşdırılır. 

"Bizimxeber" bildirir ki, bu barədə Financial Times yazır. Nəşrin məlumatına əsasən, məsələ Aİ-nin Rusiyaya qarşı hazırladığı 18-ci sanksiyalar paketinin bir hissəsi kimi gündəmdədir. 

Kanada isə ötən həftə keçirilən G7 maliyyə nazirlərinin görüşündə mövzuya daha konkret yanaşma təklif edib, qiymət məhdudiyyəti ilə bağlı yekun bəyanata açıq və dəqiq dilin daxil edilməsini istəmişdi. Lakin bu ideya ABŞ-ın Maliyyə naziri Skott Bellant tərəfindən geri çevrilib və sənədə daxil edilməyib. 

Yekun bəyanatda isə əgər atəşkəs əldə olunmasa, G7 ölkələrinin sanksiyaların daha da sərtləşdirilməsi üçün “bütün mümkün variantları” nəzərdən keçirməyə davam edəcəkləri qeyd olunub.