Aİ Şengen sərhədlərində möhürləri ləğv edir

Avropa İttifaqı pasportlara fiziki möhür vurulmasını mərhələli şəkildə dayandırmağa hazırlaşır.

"Bizimxeber" bildirir ki, bu barədə Aİ Şurasının rəsmi saytında yayılan məlumata görə, Aİ Şurası və Avropa Parlamenti Avropa İttifaqında avtomatlaşdırılmış Giriş/Çıxış Sistemi (EES)-nin tətbiqi ilə bağlı ilkin razılığa gəliblər. 

EES sisteminin tətbiqi qərarı hələ 2017-ci ildə qəbul edilsə də, texniki və inzibati səbəblərlə dəfələrlə təxirə salınıb. Son olaraq 2024-cü ildə istifadəyə verilməsi planlaşdırılsa da, Almaniya, Fransa və Niderlandın texniki hazırlıqsızlığı səbəbindən proses yenidən dayandırılmışdı.

Yeni razılaşmaya əsasən, EES sisteminin tam şəkildə tətbiqinə keçid üçün altı aylıq bir mərhələli dövr nəzərdə tutulur. Bu müddətdə üzv dövlətlər mövcud qaydada, yəni pasportlara fiziki möhür vurmaqla, giriş və çıxışı sənədləşdirməyə davam edəcəklər. Lakin bu sistem tam gücü ilə işə düşdükdən sonra fiziki möhürlərə ehtiyac qalmayacaq.

Qeyd edək ki, bu razılaşma ilkin xarakter daşıyır və onun rəsmi qüvvəyə minməsi üçün həm Aİ Şurası, həm də Avropa Parlamenti tərəfindən rəsmən təsdiqlənməsi tələb olunur. Sistemin rəsmi işə salınma tarixini isə Avropa Komissiyası müəyyən edəcək.

EES sisteminin əsas xüsusiyyətləri:

Şengen zonasına daxil olan və çıxan bütün qeyri-Aİ vətəndaşlarının biometrik məlumatlarının (barmaq izi və üz təsviri) rəqəmsal qeydiyyatı aparılacaq;

Səyahət tarixçəsi və qalma müddətinə riayət olunması real vaxtda izləniləcək;

Rəqəmsal nəzarət sistemi vasitəsilə şəxsiyyət saxtakarlığının və qanunsuz qalma hallarının qarşısı alınacaq.

Aİ rəsmiləri bildirirlər ki, EES həm sərhəd təhlükəsizliyini gücləndirəcək, həm də Şengen bölgəsinə səfərləri daha şəffaf və idarəolunan edəcək.