Avropa İttifaqı Rusiyaya qarşı növbəti sanksiyalar paketini hazırlayır.
"Bizimxeber" Bloomberg-ə istinadən bildirir ki, yeni paket çərçivəsində 20-dən çox Rusiya bankının beynəlxalq ödəniş sistemi olan SWIFT-dən çıxarılması nəzərdən keçirilir. Bu addım Rusiyanın beynəlxalq maliyyə sisteminə çıxışını ciddi şəkildə məhdudlaşdırmağa yönəlib.
Eyni zamanda, Avropa Komissiyası Rusiyadan idxal edilən neftin qiymət tavanının endirilməsi və “Şimal axını” qaz kəmərinin istifadəsinə qadağa qoyulması imkanlarını da müzakirə edir. Məqsəd Rusiya iqtisadiyyatına əsas zərbə enerji sektoruna yönəltməkdir.
Bununla yanaşı, Aİ təxminən 2,5 milyard avro (226,3 milyard rubl) dəyərində əlavə ticarət məhdudiyyətlərinin tətbiqini də gündəmə gətirib. Lakin bu məhdudiyyətlərin nə vaxt qüvvəyə minəcəyi ilə bağlı yekun qərar verilməyib. Hazırda məsələ Avropa Komissiyasında dəyərləndirilir.
Sanksiya planı Aİ daxilində də fikir ayrılığı yaradıb. Macarıstanın baş naziri Viktor Orban bildirib ki, ölkəsi Avropa Komissiyasının 2027-ci ilin sonuna qədər Rusiyadan enerji idxalına tam qadağa qoyulması planını dəstəkləməyəcək. Onun sözlərinə görə, belə bir addım elektrik enerjisi qiymətlərini iki dəfə, istilik təchizatının isə dörd dəfə bahalaşdıracaq.
Eyni zamanda, ABŞ-da da Rusiya ilə bağlı sanksiya siyasəti ətrafında parçalanma müşahidə olunur. Dövlət katibi Marko Rubio Rusiyaya qarşı təzyiqlərin artırılmasını və senator Lindsi Qrahamın təşəbbüsünün dəstəklənməsini istəyir. Lakin sabiq prezident Donald Tramp bu yanaşmanı bölüşmür və daha fərqli mövqe sərgiləyir.