Avropa İttifaqı (Aİ) Fələstinə qarşıdakı üç il ərzində 1,6 milyard avro maliyyə dəstəyi ayıracaq. Bu barədə "Reuters" məlumat verib.
Dubravka Suica bildirib ki, yardımlar Fələstin Muxtariyyətinin islahat prosesləri ilə paralel həyata keçiriləcək. Qurum illərdir korrupsiya və pis idarəçilik səbəbindən beynəlxalq ictimaiyyətin tənqidinə məruz qalır. “Biz onların özlərini islahat etmələrini istəyirik, çünki islahat etmədən onlar təkcə bizim üçün deyil, həm də İsrail üçün etibarlı tərəfdaş ola bilməyəcəklər”, – deyə Suica vurğulayıb.
Komissarın bu açıqlamaları Lüksemburqda keçiriləcək və Fələstin baş naziri Məhəmməd Mustafa da daxil olmaqla Avropa İttifaqı xarici işlər nazirlərinin iştirak edəcəyi ilk yüksək səviyyəli siyasi dialoq ərəfəsində verilib.
Avropa İttifaqı fələstinlilərə ən böyük donor olmaqla yanaşı, Fələstin Muxtariyyətinin bir gün Qəzzanın idarəsini də üzərinə götürəcəyinə ümid edir. Bu, Aİ-nin iki dövlətli həll modeli istiqamətində atdığı növbəti addım kimi qiymətləndirilir.
Komissarın açıqladığı rəqəmlərə əsasən, yardımlar aşağıdakı şəkildə bölüşdürüləcək:
620 milyon avro – Fələstin Muxtariyyətinin islahatı və maliyyə sabitliyinə;
576 milyon avro – İordan çayının qərb sahili və Qəzzada “dayanıqlılıq və bərpa” işlərinə;
400 milyon avro – Avropa İnvestisiya Bankı vasitəsilə, müəyyən idarəetmə şərtləri daxilində kredit şəklində.
Son 12 ildə Aİ-nin Fələstin Muxtariyyətinə illik ortalama dəstəyi təxminən 400 milyon avro təşkil edib.
“Biz indi Fələstin Muxtariyyətinə etibarlı şəkildə sərmayə qoyuruq”, – deyə Suica əlavə edib.
Bu arada İsrailin baş naziri Benyamin Netanyahu hökuməti Qəzzanın gələcəkdə PA-ya (Fələstin Muxtariyyəti) təhvil verilməsi ideyasını rədd edir. İsrail tərəfi Aİ-nin dəstəklədiyi iki dövlətli həll yolundan da uzaqlaşmaqda davam edir.