Ağ Evdə portret qalmaqalı - Tramp Obamanı kənara çəkib öz portretini asdırdı

ABŞ- prezidenti Donald Tramp Ağ Evdə öncəkilərlə müqayisədə qeyri-adi bir addım ataraq, Barak Obamanın portretini sui-qəsd cəhdindən sağ çıxmasına həsr olunmuş öz rəsmi ilə əvəzləyib.

78 yaşlı Tramp bu addımı ilə ABŞ tarixində ilk qaradərili prezident olan Obamaya qarşı uzun illərdir davam edən rəqabətini daha bir səviyyəyə daşıyıb.

Obamanın portreti Ağ Evin möhtəşəm giriş dəhlizindən çıxarılaraq bir neçə fut uzaqlığa köçürülüb. Onun yerini isə 2024-cü ilin iyulunda Pensilvaniya ştatının Batler şəhərində baş verən sui-qəsd cəhdindən sonra qanlı halda yumruğunu havaya qaldıraraq “döyüş” deyə qışqırdığı dramatik anı əks etdirən Trampın yeni portreti tutub.

Ağ Evin rəsmi X (əvvəlki Twitter) hesabında paylaşım edilərək “Ağ Evdə bəzi yeni sənət əsərləri” sözləri ilə yeni portret təqdim olunub. Paylaşıma Trampın yeni portretinin yanından keçən insanların görüntüləri də əlavə olunub.

Ağ Evin Kommunikasiyalar üzrə direktoru Stiven Çeunq, bu dəyişikliklə bağlı tənqidlərə cavab olaraq, Obamanın portretinin sadəcə bir neçə fut uzaqlığa köçürüldüyünü bildirib. O, X-də bir istifadəçiyə “Pipe down, moron” (“Sakit ol, axmaq”) cavabını verərək məsələ ətrafındakı tənqidləri sərt şəkildə pisləyib.

ABŞ-da prezident portretlərinin dəyişdirilməsi nadir hal deyil. Adətən, yeni prezidentlər sələflərinin rəsmini dəyişə və ya portretlərini öz kabinetlərində nümayiş etdirə bilərlər. Lakin oturan prezidentin öz portretini hələ vəzifədə ikən giriş zalında nümayiş etdirməsi qeyri-adi sayılır.

Obamanın 2022-ci ildə açılan portreti onu ağ fonda qara kostyum və boz qalstukda əks etdirir. Rəsm həmin vaxtkı prezident Co Baydenin iştirakı ilə təqdim olunmuşdu.

Bu hadisə Trampın Obamaya qarşı uzun illərdir davam edən və tez-tez irqçiliklə əlaqələndirilən rəqabətinin davamı kimi qiymətləndirilir.

Xatırladaq ki, Tramp 2010-cu illərin əvvəlində Obamanın ABŞ-da doğulmadığına dair yalan və irqçi “doğum” nəzəriyyəsini irəli sürmüş və siyasi nüfuz qazanmağa çalışmışdı. Obama isə 2011-ci ildə Ağ Ev müxbirlərinin şam yeməyi zamanı Trampla açıq şəkildə istehza etmişdi.

Trampın özünü qəhrəmanlaşdırmaq və ön plana çıxarmaq cəhdləri bununla da bitmir. O, Ağ Evdə Oval Ofisin yaxınlığında 2020-ci il seçkilərinə müdaxilə ittihamı ilə bağlı məhkəmə prosesindən çəkilmiş şəklini qızıl çərçivədə sərgiləyib. Həmçinin, Floridadakı Mar-a-Laqo iqamətgahında sui-qəsd cəhdinə qarşı verdiyi reaksiya əsasında hazırlanmış bürünc heykəl də nümayiş etdirilir.