ABŞ prezidenti Donald Tramp, Birləşmiş Ştatlara idxal edilən xarici istehsal filmlərə 100% tarif tətbiq etmək niyyətində olduğunu açıqlayıb.
"Bizimxeber" bildirir ki, o, Ticarət Departamentini dərhal tədbir görməyə çağırıb.
“Amerikada kino sənayesi sürətlə ölür. Digər ölkələr rejissorlarımızı və studiyalarımızı Birləşmiş Ştatlardan uzaqlaşdırmaq üçün mümkün olan hər cür təşviqi təklif edir. Hollivud boşalır. Bu, milli təhlükəsizliyə təhdiddir, təbliğatdır!” – Tramp bildirib.
Prezident əlavə edib ki, bu qərar həm Amerika film istehsalçılarının qorunması, həm də ölkəyə kültür və informasiya təhlükəsizliyi baxımından lazımdır. O, xarici filmlərin idxalına 100%-lik gömrük rüsumu tətbiq edilməsinin Amerika istehsalını yenidən stimullaşdıracağını düşünür.
Bu açıqlama Tramp administrasiyasının aprelin 2-də elan etdiyi geniş tarif siyasətinin davamı kimi qiymətləndirilir. Həmin gün ABŞ 180-dən çox ölkəyə 10%-lik, əsas ticarət tərəfdaşı olan 70 ölkəyə isə əlavə “qisas tarifləri” tətbiq etmişdi. Tramp daha sonra bu tarifləri 90 gün müddətinə yalnız Çin istisna olmaqla digər ölkələr üçün dayandırmışdı.
Çinə qarşı tariflər isə sərtləşdirilib. Əvvəlcə 104%, sonra isə 125% olaraq müəyyən edilən tarif dərəcəsi son qərarla 145%-ə yüksəldilib. Bu, Trampın Çinlə ticarət və texnologiya sahəsindəki uzunmüddətli münaqişəsinin növbəti mərhələsi kimi qiymətləndirilir.
Ekspertlər hesab edirlər ki, Trampın kino sektoruna yönəlmiş bu addımı həm iqtisadi, həm də ideoloji müstəvidə yeni bir “kültür müharibəsi”nin başlanğıcı ola bilər.