ABŞ vitse-prezidenti: “Ukraynada müharibə tezliklə bitməyəcək”

Bu gün dünyanın diqqəti bir daha Ukraynadakı müharibəyə yönəlib. ABŞ-ın vitse-prezidenti Cey Di Vens verdiyi son açıqlamada açıq şəkildə bildirib ki, bu müharibə tezliklə bitməyəcək. 

Onun “Fox News” kanalına verdiyi müsahibə, Amerika administrasiyasının mövcud vəziyyətə yanaşmasının dəyişdiyini göstərir. 

“Üç ildən çoxdur davam edən bu münaqişədə artıq hər iki tərəf, həm Rusiya, həm də Ukrayna, razılığa gəlməlidir. Biz, ABŞ olaraq, yalnız bu prosesə yardım edə bilərik,” – deyə Vens bildirib.

O, hərbi əməliyyatların davam etməsinin yalnız insan itkilərinə səbəb olduğunu vurğulayıb:“Bəli, ukraynalılar haqlı olaraq qəzəblidirlər. Amma biz bir neçə kilometr ərazi uğrunda minlərlə gənci itirməyə davam edəcəyikmi?”

Vitse-prezident bildirib ki, danışıqların aparılması mümkündür və bu istiqamətdə müəyyən ümidlər var. Amma qərar verəcək olan tərəflər yalnız Rusiya və Ukraynadır.

Son günlər ABŞ mediası Tramp administrasiyasının hazırladığı yeni sülh təşəbbüsü haqqında danışır. Məlumatlara əsasən, bu plan çərçivəsində ABŞ, Rusiyanın Krım üzərində nəzarətini tanımağa hazırdır. Eyni zamanda Moskvaya qarşı tətbiq olunan sanksiyaların da yumşaldılması müzakirə olunur. 

Reuters agentliyinin məlumatına görə, Londonda keçirilən danışıqlarda Ukrayna və Avropa rəsmiləri də iştirak edib və ABŞ-a təqdim olunan sülh təkliflərinin detalları artıq bəzi media qurumlarına sızıb.