ABŞ və Çin arasında uzun müddətdir davam edən ticarət münaqişəsində yeni dönüş nöqtəsi yaşanıb. İki ölkə qarşılıqlı tarifləri 115 faiz azaltmaq və ticarət gərginliyinə 90 günlük fasilə vermək barədə razılığa gəliblər.
Bu barədə ABŞ-ın Maliyyə naziri Skott Bessent Cenevrədə Çin rəsmiləri ilə keçirilən danışıqlardan sonra jurnalistlərə açıqlamasında bildirib. “Hər iki tərəf qlobal iqtisadi sabitlik naminə bu addımı atmağa razıdır. Qarşılıqlı anlaşma vacibdir və bu, ilk addımdır,” – deyə Bessent qeyd edib.
Bu razılaşma təkcə ABŞ və Çin iqtisadiyyatları üçün deyil, qlobal maliyyə bazarları üçün də müsbət siqnal sayılır. Son illər ərzində iki ölkənin tətbiq etdiyi yüksək tariflər dünya ticarətində sabitsizlik və risklər yaratmışdı.
Razılaşmaya əsasən, tərəflər 90 günlük dialoq mərhələsinə başlayacaq və bu müddətdə yeni tarif tətbiq edilməyəcək. ABŞ və Çin arasında bu iqtisadi atəşkəs dünya iqtisadiyyatı üçün vacib nəfəs fasiləsi ola bilər. Gələcək danışıqların necə nəticələnəcəyi isə ticarət balansı və texnoloji transfer sahəsindəki qarşılıqlı razılaşmalardan asılı olacaq.