ABŞ Ukraynaya sazişinə Medvedevdən açıqlama - Kreml hələ susur

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bəyan edib ki, ABŞ və Ukrayna arasında faydalı qazıntılar üzrə imzalanan yeni saziş, əslində Vaşinqtonun Ukraynaya gələcək hərbi yardımının əvəzini tələb etməsi anlamına gəlir.

Bu barədə o, Telegram kanalında yazıb. 

“Tramp Kiyev rejimini elə sındırıb ki, onlar ABŞ-ın yardımını mineral ehtiyatlarla ödəməli olacaqlar. İndi onlar yox olmaq üzrə olan ölkənin milli sərvəti ilə hərbi təchizat üçün pul ödəyirlər”.

Bu sərt açıqlama Vaşinqtonda ABŞ və Ukrayna arasında çərşənbə günü imzalanmış və ABŞ-a Ukraynanın faydalı qazıntılarla bağlı gələcək sazişlərində üstünlük verilməsini nəzərdə tutan razılaşmadan sonra verilib. Saziş, həmçinin Ukraynanın yenidən qurulması üçün investisiyaların maliyyələşdirilməsinə yönəlib.

Diplomatik mənbələrə istinadən Kyiv Post yazıb ki, Tramp administrasiyası çərşənbə günü Konqresə Ukraynaya 50 milyon dollar və ya daha artıq dəyərində birbaşa kommersiya satışları formasında müdafiə məhsullarının ixracı niyyəti barədə məlumat verib. Bu addım, Donald Trampın Ağ Evə qayıtmasından sonra Ukrayna ilə bağlı ilk hərbi qərarı kimi qiymətləndirilir.

Reuters bu məlumatı hələlik müstəqil şəkildə təsdiq etməyib.

Rusiya rəsmiləri bildirirlər ki, birbaşa danışıqlara və uzunmüddətli sülhə açıqdırlar, lakin mövcud mürəkkəb məsələlər səbəbindən bu prosesin tələsik aparılması mümkün deyil. Kiyev isə qeyd-şərtsiz ən azı 30 günlük atəşkəs tərəfdarı olduğunu bildirib.

Prezident Vladimir Putin isə Rusiyanın 8-10 may tarixlərində nasist Almaniyası üzərində qələbənin 80 illiyini qeyd etməsi fonunda üç günlük atəşkəs elan edib.

Kremlin açıqlamasında bildirilib ki, Rusiya özü də böyük mineral ehtiyatlara sahibdir və Arktikada və digər bölgələrdə ABŞ ilə mümkün əməkdaşlıq imkanlarını istisna etmir. Lakin hələlik Ukraynanın mineral sazişinə rəsmi münasibət bildirilməyib.