ABŞ Ukraynadan əlini çəksə, Aİ “B planı”nı işə salacaq

Avropa İttifaqının baş diplomatı Kaja Kallasın son açıqlamaları, Qərbin Ukraynaya dəstəyi məsələsində ciddi dilemmanın qapısını açıb.

Estoniyalı diplomat “Financial Times” qəzetinə verdiyi müsahibədə bildirib ki, əgər ABŞ xüsusilə də Tramp administrasiyası sülh vasitəçiliyindən imtina edər və Rusiya ilə yeni münasibət qurmağa yönəlsə, Brüssel bu boşluğu doldurmaq üçün “B planı” hazırlayır.

Kallas deyir ki, artıq Vaşinqtonun geri çəkiləcəyi ehtimalı müzakirə olunur. O, belə bir sual verir:“Amerikalılar getmək istəyəcəklərmi?” Onun sözlərinə görə, ABŞ-ın Ukraynanı tərk edib-etməyəcəyinə dair siqnallar artıq görünməkdədir və bu, Avropanı narahat edir. 

ABŞ Dövlət Katibinin sözçüsü Marko Rubio da bu gedişatı təsdiqləyən açıqlama verib. Onun sözlərinə görə, sülh prosesində irəliləyiş olmadıqda, Vaşinqton vasitəçi rolundan imtina edə bilər.

Bu isə o deməkdir ki, ABŞ və Rusiya arasında mümkün yaxınlaşma, Qərbin Ukraynaya verdiyi dəstək xəttini ciddi şəkildə dəyişdirə bilər. 

Kallas açıq şəkildə bildirir ki, Avropa ölkələri ABŞ-ın yerini maliyyə baxımından qismən doldura bilər. Amma hərbi baxımdan bu, çox çətin olacaq. Onun fikrincə, “əgər amerikalılar çəkilsə, onların boşluğunu doldurmaq daha çətindir”.

Bu arada Brüsseldə diqqət sanksiyaların uzadılmasına və üzv dövlətlər arasında konsensusun qorunmasına yönəlib. Macarıstanın mümkün vetosu da ciddi müzakirə mövzusudur.

Aİ-nin bəzi ölkələrində ABŞ-ın mövqeyinə uyğunlaşmaq və Rusiyaya qarşı sərt siyasətdən geri çəkilmək istəyən qüvvələr mövcuddur. Kallas bunu “yalan ümid” adlandırır və xəbərdarlıq edir:

“Rusiya ÜDM-nin 9%-dən çoxunu hərbi sahəyə ayırır. Bu o deməkdir ki, bu potensialdan yenidən istifadə etmək niyyətindədirlər”. Əgər ABŞ doğrudan da Ukraynadan çəkilsə, bu, təkcə hərbi balansı deyil, geosiyasi güc nisbətini də dəyişdirəcək. Avropa ilk dəfə öz təhlükəsizliyinin tam məsuliyyətini daşımalı ola bilər. “B planı” bir alternativdir, amma Kallasın da dediyi kimi, hələ ki, “A planı” işləməlidir.