ABŞ sakinləri çorabsız qalacaq - Çin hədələdi

Çinin nüfuzlu "Guancha" nəşri yazır ki, ABŞ-ın prezidenti Donald Trampın Çinə qarşı tətbiq etdiyi yüksək tariflər nəticə etibarilə ölkə daxilində istehlakçıların əsas ehtiyac mallarına çıxışını məhdudlaşdıra bilər. Nəşr hətta belə davam edərsə, ABŞ sakinlərinin corab qıtlığı ilə üzləşə biləcəyini bildirir.

Guancha misal olaraq hər rüb 200 min cüt corab ixrac edən kiçik bir topdansatış şirkətini göstərir. Bu şirkət hazırda sifarişləri dayandırmaq məcburiyyətində qalıb. ABŞ bazarının Çin mallarına yüksək asılılığı, xüsusilə də gündəlik istehlak məhsulları sahəsində, bu cür sarsıntıların daha geniş miqyas almasına səbəb ola bilər.

Boşluğu Pakistan, Honduras və El Salvador kimi ölkələrin dolduracağı gözlənilir, lakin onların istehsal gücü və logistika imkanları hələlik Çinlə rəqabət aparmaq üçün kifayət etmir. Nəticədə, Guancha qeyd edir ki, amerikalı istehlakçılar eyni məhsullara daha yüksək qiymət ödəməli olacaqlar.

Xüsusilə corab sektoruna toxunan nəşr bildirir ki, təkcə 2023-cü ildə Çin corab sənayesinin mərkəzi sayılan Yiwu şəhərindən 25 milyard cütdən çox məhsul ixrac olunub və bunun yarıdan çoxu ABŞ-a göndərilib. Ümumilikdə, keçən il Yiwu-dan dünyaya malların çatdırılma həcmi 588,96 milyard yuan (təxminən 6,62 trilyon rubl) təşkil edib.

Qeyd olunur ki, ABŞ-ın bəzi yüksək texnologiyalı məhsullara – o cümlədən smartfonlar, noutbuklar, çip və mikrosxem istehsalı üçün avadanlıqlara – tətbiq etdiyi tariflərin bir qismi ləğv edilsə də, bir çox istehlak mallarına güzəşt gözlənilmir.

Bununla belə, Donald Tramp daha əvvəl bəyan etmişdi ki, yeni tarif siyasəti ABŞ üçün böyük gəlir gətirir və ölkədə qiymətlərin – o cümlədən ərzaq və yanacaq qiymətlərinin – azaldığını iddia edib.