ABŞ pinqvinlərin yaşadığı adalara niyə rüsum tətbiq edib?

Düşünün: dəniz, buzlaqlar, səssizlik... və pinqvinlər. İnsan yaşamayan, sanki təbiətin tam nəzarətində olan bir yer. Amma görünür, bu sakitlik ABŞ-ın ticarət siyasətində boşluq hesab edilib. 

ABŞ-ın ticarət naziri Hovard Lutnik CBS News-a verdiyi müsahibədə deyib ki, Antarktida yaxınlığında yerləşən, insan yaşamayan və yalnız pinqvinlərin məskəni olan Heard və McDonald adaları da prezident tərəfindən tətbiq edilən yeni tariflər siyahısına daxil edilib. Və səbəb düşündüyünüzdən daha “realistdir”.

Lutnik bildirib ki, bu qərarın arxasında duran məqsəd digər ölkələrin ABŞ tariflərindən yan keçmək üçün istifadə edə biləcəyi boşluqları bağlamaqdır. Onun sözlərinə görə, əvvəllər bəzi ölkələr Çin kimi ticarət nəhənglərinin mallarını üçüncü ölkələr vasitəsilə ABŞ-a göndərərək tariflərdən yayınırdılar.

“Prezident (Donald Tramp) bu məsələni bilir, bundan bezdi və bu boşluqları bağlamaq qərarına gəldi,” – deyə nazir bildirib.

Beləliklə, texniki olaraq heç bir ticarət fəaliyyəti olmayan və sonuncu dəfə təxminən 10 il əvvəl insan ayağı dəymiş bu buzlu vulkanik adalar da tarif siyahısına düşüb.

Yəni, Vaşinqton artıq hətta pinqvinlər üçün də boşluq buraxmaq istəmir. 

Heard və McDonald adaları dünyanın ən ucqar yerlərindəndir. Avstraliyanın Pert şəhərindən qayıqla bu adalara çatmaq iki həftə çəkir. Bu ərazilər rəsmi olaraq Avstraliyaya məxsusdur, lakin faktiki olaraq boş və əlçatmazdır.

Tariflərin bu qədər uzaq və təsirsiz bir bölgəyə tətbiq olunması bəzi analitiklər və siyasətçilər tərəfindən "simvolik və qəribə" addım kimi qiymətləndirilib.

ABŞ-ın bu yeni ticarət yanaşması dünya miqyasında da səs salıb. Avropa Komissiyasının sədri Ursula fon der Leyen Trampın elan etdiyi tarifləri “qlobal iqtisadiyyata ciddi zərbə” adlandırıb və Avropa İttifaqının buna qarşı tədbirlər görməyə hazır olduğunu bildirib.