ABŞ nüvə sazişi ilə bağlı yazılı təkliflərini İrana təqdim edib

ABŞ, İranın nüvə proqramı ilə bağlı aparılan danışıqların son raundu zamanı Tehrana yazılı təkliflər təqdim edib. Bu təkliflər potensial razılaşmanın əsas konturlarını müəyyən edir. 

Bu barədə məlumatı "Axios" portalı üç etibarlı mənbəyə istinadən yayıb. Tramp administrasiyasının nümayəndəsi danışıqlarda aktiv iştirak edib.

Mənbələrin bildirdiyinə görə, ABŞ prezidenti Donald Trampın İran üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff (Steve Witkoff) keçirilən görüşdə rəsmi Tehrana “nüvə sazişi” ilə bağlı yazılı təkliflərini təqdim edib.

İran tərəfini isə ölkənin xarici işlər naziri Abbas Əraqçi təmsil edib. Əraqçi təklifin Tehran rəhbərliyi, o cümlədən ali dini lider Ayətullah Əli Xamenei, prezident Məsud Pezeşkian və digər yüksək səviyyəli rəsmilərlə müzakirə ediləcəyini bildirib.

Təklifin konkret detalları ictimaiyyətə açıqlanmayıb. Lakin BMT Təhlükəsizlik Şurasının son iclasında çıxış edən Vitkoff təklifi “mürəkkəb” və “genişmiqyaslı” adlandırıb. Onun sözlərinə görə, hələ danışıqlarda daha çox irəliləyişə ehtiyac var.

Eyni zamanda, Trampın nümayəndəsi qeyri-rəsmi olaraq danışıqların gedişatından nikbin olduğunu bildirib.

ABŞ prezidenti Donald Tramp da verdiyi açıqlamada Vaşinqton ilə Tehranın nüvə sazişi üzrə razılaşmaya yaxın olduğunu bəyan edib. Bununla yanaşı, Tramp administrasiyası son aylarda İrana qarşı iqtisadi təzyiqləri artırıb.  

Qeyd edək ki, ABŞ və İran 11 mayda keçirilmiş danışıqların dördüncü raundunun sonunda nüvə proqramı ilə bağlı müzakirələrin davam etdirilməsi barədə razılığa gəliblər.